Aqrar istehsalın səmərəliliyini şərtləndirən amillərin təhlili
##plugins.themes.bootstrap3.article.main##
Xülasə
Uzun illər bazar iqtisadiyyatı şəraitində yaşayan ölkələrin aqrar sahəsindəki müasir siyasəti göstərir ki, yalnız torpağı kəndlilərə paylamaqla kənd təsərrüfatının inkişafına və ölkənin ərzaq təhlükəsizliyinə nail olmaq mümkün deyil. Bunun üçün həm də dövlət himayəsi və qayğısı ilə istehsalın həcmini artırmaq və məhsulların keyfiyyətini yaxşılaşdırıb maya dəyərini azaltmaqla istehsalın səmərəliliyini yüksəltmək lazımdır.Lakin nəzərə almaq lazımdır ki,aqrar istehsala mövsümlük, bioloji proseslər, iqlim və coğrafi şəraitdən asılılıq, yüksək kapital tutumluluq, rentabelliyin aşağı səviyyəsi, qeyri-elastik tələb, yüksək səviyyəli risk kimi bir sıra amillər təsir edir. Aqrar istehsalın səmərəliliyinini müəyyən edərkən aşağıdakıların nəzərə alınmasına ehtiyac vardır: kənd təsərrüfatının sahə xüsusiyyətləri, torpağın iqtisadi məhsuldarlığı, sahə vahidinə düşən istehsal həcmi və gəlirin səviyyəsi; istehsalın kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması üçün elmi-texniki tərəqqinin nəticələrinin tətbiqi, yüksək keyfiyyətli məhsulların maksimum istehsalı; ərzaq məhsulları istehsalının iqtisadi səmərəliliyinin və ətraf mühitə təsirinin yalnız ayrı-ayrı subyektlər deyil, bütövlükdə iqtisadiyyat baxımından qiymətləndirilməsi.Aqrar siyasətin yeni mərhələsində qarşıda duran bu vəzifələri həyata keçirmək üçün təsərrüfatların maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni istehsal və emal müəssisələrinin yaradılması, müasir texnika və texnologiyaların tətbiqi, sahibkarlığın daha da inkişaf etdirilməsi, bu sahəyə dövlət dəstəyinin genişləndirilməsi və digər tədbirlər davamlı olmalıdır.